Qırmızı Ürəklər Fondu və Azərbaycan Hava Yolları Naxçıvana xeyriyyə səfəri təşkil edib

news banner

29.12.2023

“Red Hearts” - Qırmızı Ürəklər Fondu Azərbaycanın Milli Aviadaşıyıcısı -“Azərbaycan Hava Yolları”nın dəstəyi ilə Yeni il ərəfəsində xeyriyyə məqsədilə Bakıdan Naxçıvana yola düşüb.

Ordubad şəhərində yerləşən M.Füzuli adına tam orta internat məktəbinin balaca sakinlərinə bayram əhval-ruhiyyəsi bəxş etmək üçün uşaqların sevimli qış qəhrəmanları - Santa Klaus və Elf AZAL-ın təyyarəsi ilə Bakıdan Naxçıvana səyahət ediblər. Xeyriyyə səfəri çərçivəsində uşaqlar isti geyim və zəruri gigiyena vasitələri ilə təmin olunublar. Təşkilatçılar tərəfindən internat məktəbinin uşaqları üçün musiqili əyləncə proqramı və müsabiqələr təşkil edilib.

Xeyriyyə tədbiri Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramının valideyn himayəsindən məhrum uşaqlarla birgə qeyd edilməsi məqsədilə təşkil olunub. Uçuş zamanı Santa Klaus və Elf reysin sərnişinlərinə də bayram ab-havası bəxş edib, onları hədiyyələrlə sevindiriblər.

Azərbaycan Hava Yolları sosial məsuliyyət layihələrinə xüsusi diqqət ayırır və artıq uzun illərdir ki, cəmiyyətin həssas təbəqələri üçün müxtəlif xeyriyyə və yardım aksiyaları həyata keçirir.

“Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.