Aviabiletlərin qiyməti “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin kollegiya iclasında müzakirə olunub

news banner

05.02.2016, 11:33

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Aviabiletlərin qiymətinin bəzi hallarda süni şəkildə qaldırılması” ilə bağlı verdiyi tapşırıqlar “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin 2015-ci il iyulun 16-da keçirilmiş kollegiya iclasında ciddi şəkildə müzakirə olunub.

Dövlət Mülki Aviasiya Administrasiyası ilə birgə keçirilmiş iclasda İdarə Heyətinin sədri Cahangir Əsgərov bütün heyət üzvlərinə hər bir hava xəttinin tariflərinin dərindən təhlil edilməsini, aviabiletlərin qiymətinin aşağı salınması yollarının araşdırılmasını, güzəştlərin tətbiq edilmə şərtlərinin və tariflərin yeni tənzimləmə mexanizminin işlənib hazırlanmasını tapşırıb.

Azərbaycana xarici turist axınının artırılmasının vacibliyini vurğulayan sədr bu istiqamətdə işlərin artıq başlandığını və ən qısa zamanda “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən turizm marşrutlarında aşağı tarifli özəl uçuşların təşkil ediləcəyini bildirib. Bununla yanaşı, Cahangir Əsgərov mövcud hava xətlərində müəyyən sayda yerlərin aşağı tariflə satışa çıxarılmasına dair bəzi təkliflərin artıq hazır olduğunu və bu tariflərin yaxın günlərdə tətbiq ediləcəyini iclas üzvlərinin nəzərinə çatdırıb.

Eyni zamanda diqqətə çatdırılıb ki, bütün bu tədbirlər uçuşların təhlükəsizliyinin yüksək səviyyədə qorunub saxlanılması və mövcud xidmət keyfiyyətinin davam etməsi şərti ilə həyata keçirilməlidir. “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov məlumat verib ki, AZAL və İqtisadiyyat və Sənaye Nazirliyinin mütəxəssislərindən ibarət yaranmış birgə işçi qrup hazırda aviabiletlərin qiymətləri ilə bağlı öz təklif və tövsiyələrini hazırlayır.

İdarə Heyətinin üzvləri qərara gəliblər ki, təhlillərin nəticəsi əsasında qiymətlərə yenidən baxılsın və onların optimallaşdırılması mexanizmi ilə bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilsin.

Qəbul edilmiş qərarlar barədə cəmiyyətə geniş məlumat veriləcək.