AZAL və «Leonardo» Azərbaycanın mülki aviasiya sahəsində əməkdaşlığı müzakirə ediblər

news banner

18.10.2022, 16:12

18 oktyabr 2022-ci il, Bakı - Oktyabrın 18-də AZAL prezidenti Cahangir Əsgərovun İtaliyanın Leonardo şirkətinin baş vitse-prezidenti Marko Buratti ilə görüşündə mülki aviasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə tərəflər hava gəmilərinə texniki xidmət və təmir, eləcə də aeronaviqasiya sahəsində perspektivli və müasir innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq məsələlərinə toxunublar.

Danışıqlar nəticəsində Azərbaycanın aeronaviqasiya sisteminin infrastrukturunun inkişafı üzrə layihələr razılaşdırılıb.

Həmçinin tədbir zamanı Azərbaycanın mülki aviasiyasında müxtəlif istiqamətlər üzrə şirkətlər arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb, İtaliyanın aviasiya sənayesi ilə məhsuldar əməkdaşlıq üçün geniş potensialın olduğu qeyd edilib.

İtaliyanın Leonardo korporasiyası aviasiya və aerokosmik sahələr üçün geniş çeşiddə innovativ məhsullar təklif edir, müdafiə, təhlükəsizlik və s. sahələrdə çoxsaylı imkanlar inkişaf etdirir. Davamlı tədqiqatlar, rəqəmsal istehsal və davamlı inkişaf şirkətin fəaliyyətinin təməl daşlarıdır.

Qeyd edək ki, Leonardonun baş vitse-prezidenti Marko Buratti aşağıdakı yüksək texnologiyalı sektorlarda geniş və uzunmüddətli təcrübəyə malikdir: hərbi texnologiya, hərbi hesablama sistemləri, sabit və fırlanan qanadları olan təyyarələrin avionikası sistemi, beynəlxalq proqramların idarə edilməsi və s.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti