AZAL prezidenti və İsrailin turizm naziri hava əlaqələrinin genişləndirilməsini müzakirə ediblər

news banner

05.04.2022, 17:20

5 aprel 2022-ci il, Bakı – Çərşənbə axşamı, aprelin 5-də AZAL prezidenti Cahangir Əsgərov ilə İsrailin turizm naziri Yoel Razvozov arasında görüş keçirilib.

Tərəflər ölkələr arasında, o cümlədən mülki aviasiya və turizm sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd ediblər. AZAL prezidenti və İsrailin turizm naziri yaranan yüksək tələblə əlaqədar iki ölkə arasında birbaşa uçuşların sayının artırılması imkanları barədə fikir mübadiləsi aparıblar.

“Ölkələr COVID-19 ilə bağlı bir sıra məhdudiyyətləri yüngülləşdirdikdən sonra İsrail Azərbaycan aviaşirkətinin müntəzəm uçuşları bərpa etdiyi ilk istiqamətlərdən biri oldu. Hazırda AZAL aviaşirkəti Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə həftədə iki dəfə uçuşlar həyata keçirir”, - deyə Cahangir Əsgərov bildirib.

Görüşün nəticəsi olaraq qərara alınıb ki, yay cədvəli çərçivəsində AZAL Tel-Əvivə uçuşların sayını həftədə 5 dəfəyə çatdırsın.

Cahangir Əsgərovun sözlərinə görə, İsrailin “İsrair Airlines” və “Arkia” aviaşirkətlərinə də Bakıya müntəzəm uçuşlar həyata keçirməyə icazə verilib.

İsrailin turizm naziri Yoel Razvozov qeyd edib ki, uçuşların artırılması Azərbaycan ilə İsrail arasında əlaqələri daha da gücləndirməklə yanaşı, turizm əlaqələrini genişləndirəcək. O qeyd edib ki, ölkələr arasında hava daşımalarının əvvəlki həcminin bərpasında qarşılıqlı maraq var.

Görüşdə mülki aviasiya sahəsində uğurlu tərəfdaşlığın gücləndirilməsi məqsədi ilə gələcək əməkdaşlıq haqqında razılıq əldə olunub.