Azərbaycan və Qırğızıstan mülki aviasiya sahəsində əməkdaşlığı müzakirə edib

news banner

02.03.2023, 10:45

2 mart 2023-cü il, Bakı – Ölkələr arasında mülki aviasiya sahəsində gələcək əməkdaşlığın məqsəd və vəzifələri AZAL-ın prezidenti Cahangir Əsgərovla Qırğızıstan Baş nazirinin müavini Bakıt Torobayev arasında keçirilən görüşdə müzakirə olunub.

Tərəflər əməkdaşlığın səmərəliliyinin artırılması ideyalarını müzakirə edib, həmçinin ölkələr arasında hava əlaqələrinin açılması üçün müəyyən tədbirləri təyin edib.

Cahangir Əsgərov qeyd edib ki, aviasiya sahəsində səmərəli əməkdaşlıq ölkələr arasında qarşılıqlı münasibətləri əhəmiyyətli dərəcədə möhkəmləndirəcək, onların iqtisadi, mədəni və turizm əlaqələrinin inkişafına töhfə verəcək.

Bakıt Torobayev Azərbaycanın mülki aviasiya sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib və bu sahədə ölkələr arasında ikitərəfli əməkdaşlığın uğurla inkişaf edəcəyinə əminliyini bildirib. Onun sözlərinə görə, tərəfdaşlıq ölkələr arasında işgüzar və turizm əlaqələrinin möhkəmlənməsinə müsbət təsir göstərəcək.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti